Tekstil üzərinə görüntünün daha uzunmüddətli və dəqiq həkk olunmasının üsullarından biri də naxış tikmədir. Müasir tikiş avadanlıqları fərqli qalınlıqda və fakturada parça ilə çalışan proqramlaşdırılmış mexanizmlərdir. Belə mexanizmlərin yüksək istehsal qabiliyyətinə və funksionallığa malik olması tikişin sürətindən, keyfiyyətdən və görüntünün dəqiqliyindən asılıdır. Ümumilikdə tikiş prosesi bir neçə mərhələdən ibarətdir. İlk öncə görüntünün maketi xüsusi proqram təminatının köməyi ilə hazırlanır. Maket hazırlanan zaman sapın sıxlığı, rənglərin sayı, tikişin sayı kimi əsas məqamlar nəzərə alınmalıdır. Məhz bu amillər məhsulun qiymətinin hesablanmasına təsir göstərir. Hazırlanan fayl uyğun formatda PES, ART, EMB, DST, HUS və s. saxlanılaraq avadanlığın yaddaşına kabel və ya yaddaş kartı ilə köçürülür. Tikiş avadanlığında lazımı tənzimləmə işləri görülür. Daha sonra parça məmulatı və köməkçi materiallar tikiş üçün hazırlanır və prosesə start verilir. Naxış tikmənin özünəməxsus üstünlükləri vardır. Bu sırada parça məmulatı üzərində görüntünün uzunmüddətli və davamlı olması, həcmli olması, yuyulmadan sonra rənglərin parlaq qalması, geniş sap çeşidinin olması, çətin görüntülərin həkk olunmasının mümkünlüyü, yüksək temperatura və kimyəvi təmizləyicilərin təsirinə qarşı davamlı olması kimi xüsusiyyətləri göstərmək olar. Bu üsulun tətbiq olunduğu tekstil məmulatları sırasına kepka, t-shirt, köynək, kurtka, parça çanta, baş örtükləri, promo aksiyalar üçün geyimlər, yaylıq, uniforma və s. aiddir. İstənilən halda tikmə zamanı avadanlıq məmulatın tikiş zonasının hər iki üzündə rahat hərəkət edə bilməlidir. Belə tikmə üsulu ilə çətin dekorativ elementlərdən ibarət görüntüləri belə məmulat üzərinə həkk etmək mümkündür. Çətin formalı baş örtüklərinə görüntünün tikilməsi də xüsusi qaydada aparılır.
Ümumilikdə bütün tikiş avadanlıqları peşəkar və məişət tipli tikiş avadanlıqlarına ayrılır. Onlar qabarit ölçüləri və istifadə imkanlarına görə biri-birindən fərqlənirlər. Peşəkar avadanlıqlarda bir neçə tikiş başlığı və 1-dən 24-ə qədər iynə quraşdırılır və onlar eyni anda bir neçə məmulat tikə bilir. Belə avadanlıqların iş sürəti və istehsal qabiliyyəti də yüksək olur. Məişət tipli tikmə avadanlıqları nisbətən kiçik istehsalat sahələri üçün xarakterikdir və aşağı istehsal tempinə malikdir. Belə avadanlıqlarda eyni anda yalnız bir nümunə ilə işləmək olur və sapın dəyişilməsi prosesinə nəzarətin olması mütləqdir.