Geniş çeşiddə məmulatlara tətbiq olunan çap texnologiyalarından biri də sublimasiya çapıdır. Bu çap növü 180-220°C temperaturda və təzyiqlə istənilən görüntünü çap olunmuş xüsusi kağızdan birbaşa məmulatın üzərinə həkk olunması ilə həyata keçirilir. Belə çap adətən termoemala davamlı tekstil məmulatları və promo məhsullar üzərində həyata keçirilir.
Sublimasiya çapı digər çap növlərindən fərqli olaraq tekstil üzərinə yüksək keyfiyyətdə foto görüntü həkk etmək iqtidarındadır. Bu texnologiya ətraf mühitin təsirinə davamlı parlaq rənglər əldə etməyə imkan verir. Tekstil üzərində sublimasiya çapının xüsusi tələbləri vardır. Bu tələblərə: parçanın 100% sintetik lifdən ibarət olması, yalnız ağ parçaya görüntünün həkk olunmasının mümkünlüyü, parçanın 200-220°C temperatura 40 saniyə davam gətirməsi və s. aiddir. Tekstil üzərində görüntünün həkk olunması üçün ilk öncə görüntünün maketi hazırlanır. Maket orijinal ölçüdə, rənglər - Pantone/CMYK olmalıdır. Hazır maket sublimasiya boyası ilə xüsusi kağız üzərinə çap olunur. Rənglər bu kağızın səthinə çıxmır yalnız tekstil üzərinə əla həkk olunur. Son mərhələ termopres avadanlığında görüntünün parça üzərinə keçirilməsidir. Bu zaman boyaq maddəsi qaz şəklində parçanın liflərinin dərinliyinə keçərək onu boyayır. Beləliklə görüntü parçaya həkk olunur. Sublimasiya çapı kepka, köynək, yaylıq, şərf, bandana, qalstuk, lanyard və s. məmulatlara tətbiq oluna bilər və sadə loqodan tutmuş tam rəngli fotoya qədər istənilən görüntünü həkk etmək olar.
Sublimasiya çapı tətbiq edildiyi promo məhsullara özəl görüntü bəxş edir. Bu çap növü daha çox fincan və boşqab üzərində çap zamanı tətbiq olunur. Burada da çap olunmuş xüsusi kağız termoskoç vasitəsilə məmulata yapışdırılır. Daha sonra onu lazımı temperatura qədər (180-200°C) qızdırılmış termopres avadanlığına yerləşdirilirək 60-200 saniyə ərzində termopresdə saxlanılır. Bu zaman görüntü birdəfəlik olaraq məmulatın üzərinə keçir. Sonda məmulat termopresdən götürülür, çapın keyfiyyəti yoxlanır və üzərindən termoskoç çıxarılır. Bəzi hallarda isə məmulat suya salınaraq soyudulur və üzərində olan lak örtüyü olan məsamələri bağlanır.
Sublimasiya çapının geniş tətbiq edilməsi reklam və promo məhsullar sahəsində yeni materiallar meydana gəlməsinə səbəb oldu. Onların arasında daha geniş tətbiq edilən rəngli alümin lövhələr, sublimasiya rəngi hopa bilən polimer səthlə örtülmüş keramik plitələrdir. Bu yolla da təltifnamə lövhələri, ofislər üçün adlı lövhələr, fotoplitkalar və s. meydana gəlmişdir. Sublimsiya çapında tətbiq olunan 3D pres avadanlığı məmulatın kənarlarına qədər daha dərin qatlarına nüfuz edərək görüntünün tam şəkildə və hərtərəfli həkk olunmasına imkan yaradır.